Dekabrın 10-u ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş futzal turnirinin final görüşü keçirilib. İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşan matçda Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutunu təmsil edən komandalar meydanda olub. Maraqlı mübarizənin sonunda NDU tələbələri 3:2 hesablı qələbəyə seviniblər. Naxçıvan Dövlət Texniki Kollecinin komandası üçüncü yerə sahib çıxıb.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin icraçısı, nazir müavini Məcid Seyidov mükafatlandırma mərasimində iştirak edib, uğur qazanmış gəncləri təltif edib. İlk üç yerin sahibi olan komandaların üzvlərinə diplom, medal, kubok və hədiyyələr təqdim olunub. Yarışın hakimlərinə təşəkkürnamə verilib.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə reallaşan və iki gün davam edən yarış tələbələrin idmana olan marağını yüksəltmək, sağlam həyat tərzinə təşviqinə töhfə vermək məqsədinə xidmət edib.